"Erməni tərəfi təxribatlara davam etsə, Azərbaycan hərbi vasitəyə əl ata bilər"-RƏY
03 Fev 2020 17:17
23

"Erməni tərəfi təxribatlara davam etsə, Azərbaycan hərbi vasitəyə əl ata bilər"-RƏY

"Bu günlərdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar baş tutdu. Görüşdən dərhal sonra Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan sülh prosesinə "Artsax xalqının seçilmiş nümayəndələrinin" cəlb edilə biləcəyi kimi təxribat xarakterli fikir səsləndirməklə, danışıqlara kölgə salmağa cəhd etdi".
Ermənistanın təxribat xarakterli çıxışının arxasında nə dayanır?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib. O, bildirib ki, 7 və 4 saat olmaqla iki gün ərzində Cenevrədə keçirilən danışıqlar son illər ərzində demək olar ki, ən uzun prosesli danışıqlar mərhələsi idi. Çünki artıq masada Azərbaycan tərəfinin diqtə etdiyi yenilənmiş model prinsipləri vardı. Bu model prinsiplərinə əsasən Azərbaycanın işğal olunmuş əraziləri mərhələli şəkildə azad olunmalıdır. Məhz Minsk qrupunun həmsədrləri də bu istiqamətdə Ermənistan tərəfinə öz təkliflərini verir. Son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları danışıqlar formatını fiaskoya aparır. Hazırda Cenevrədə başlanan danışıqlar mərhələsində Ermənistan Xarici İşlər nazirliyinin bu mövqeyinə, sülh planı məsələsinə gəldikdə onların qeyd etdikləri "Artsax xalqının seçilmiş nümayəndələrinin" bu prosesə cəlb edilməsi məsələsi bir daha Cenevrə mərhələsini ləngitmək, təxribata cəlb etmək kimi qiymətləndirirəm. Çünki Cenevrə danışığının əsas məqsədi mərhələli həll planını özündə ehtiva edir. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə Ermənistan tərəfinin bu təxribatçı açıqlamalarını rəsmi şəkildə təqdim etməlidir. Cenevrə danışıqlarına kölgə salan bu açıqlamanın qarşısı qətiyyətlə alınmalıdır. Hesab edirəm ki, Ermənistan tərəfi bu istiqamətdə "Artsax xalq"ı deyirsə, burada Azərbaycan və erməni icması da var. Danışıqların müxtəlif formatlarında maraqlı tərəflər kimi yalnız Azərbaycan və Ermənistan icması qatılmalı, yəni burada Azərbaycan icması təmsil olunmalıdır. Bundan əlavə Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımır. İllərlə şahidi olmuşuq ki, onlar Qarabağı ancaq anneksiya, Ermənistana birləşdirmək istəyiblər. Ermənistan Xarici İşlər nazirliyinin bu bəyanatı Cenevrə danışıqlarına sadəcə kölgə salmaqdır. Burada Azərbaycan tərəfi qətiyyətli və prinsipial addımlar atmalıdır. Ermənistan tərəfinin bu təxribatçı siyasətinin qarşısı bütün vasitələrə alınmalıdır. Əgər bu proses belə davam etsə, yəni Cenevrədə müəyyən razılıqlar edildikdən sonra Ermənistan tərəfinin gəlib belə bir təxribatçı açıqlamalar verməsi danışıqlar prosesini çətinləşdirməkdən başqa bir şey deyil. Qeyd etdiyim ki, Azərbaycan Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanı belə təxribatçı açıqlamalar verməkdən çəkindirməlidir. Əgər belə bir prosesesin baş verməsi davam edərsə, hesab edirəm ki, Azərbaycan növbəti aylarda hərbi təzyiqlərə əl ata bilər".

Fəridə Ağazadə

Oxşar xəbərlər