"İnsanlara informasiya verəndə onun neqativ tərəfini yox, mahiyyətini izah etmək lazımdır"-PSİXOLOQDAN AÇIQLAMA
03 Fev 2020 17:17
23

"İnsanlara informasiya verəndə onun neqativ tərəfini yox, mahiyyətini izah etmək lazımdır"-PSİXOLOQDAN AÇIQLAMA

Xəbər verildiyi kimi Çinin Vuhan şəhərində yaranan koronavirusun yaratdığı ciddi narahatlıq dünya mediası ilə yanaşı ölkə mediasında da geniş şəkildə işıqlandırılıb.
Bəs koronavirus ilə bağlı yayılan xəbərlər insanlarda hansı psixoloji problemlər yarada bilər?
Koronavirus ilə bağlı yayılan xəbərlər psixoloji cəhətdən sağlam və güclü olmayan insanlarda ölüm riski yarada bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Əfsanə Rüstəmova açıqlama verib. O, bildirib ki, ümumiyyətlə insanlara məlumat verərkən diqqətli olmaq lazımdır:
"Çünki verilən məlumatları insanlar bizim dediyimiz kimi başa düşmürlər. Hazırda dünya və yerli mediada bu virusla bağlı gündəmdə olan məlumatlar hamıda birmənalı qarşılanmır. Bunun təsirlisi, təsirsizi, xroniki, psixoloji, fizioloji xəstəlikləri olanlar var və onların hamısına da bu məlumatlar eyni formada təsir etmir. Ona görə də insanlara məlumat verərkən onun neqativ tərəfini yox, ümumiyyətlə mahiyyətini izah etmək, daha sonra ondan müdafiə olunmaq vasitələrini bildirmək lazımdır. Düşünürəm ki, bu növ məlumatlar informasiya məqsədli yox, maarifləndirmə istiqamətində olmalıdır. Belə olan halda insanlar məsələnin mahiyyətini başa düşər və bundan qoruna bilər. Düşünün ki, insanlara bu gün "hava tutqundur", "zəlzələ ola bilər" desəniz, əlbəttə ki, əksəri çox qorxar, panikaya düşər, evlərini tərk edər və küçədə yaranan sıxlıq ilə daha böyük ciddi fəsadlar yarana bilər. Amma siz insanlara informasiya versəniz ki, günəşli havada qoruyucu kremdən istifadə edin, onlar artıq məsələnin problemli tərəfini və ondan necə qorunmaq lazım olduğunu qavrayarlar. Düşünürəm ki, bu virusla bağlı da informasiya bir az xaotik şəkildə yayıldı və ona görə də insanlar arasında bu cür təşviş halları artdı. Böyük ehtimalla burada ölən insanların sayının çoxluğu, və heç kimin gözləmədiyi məqamda belə bir virusun yayılması gündəmi aktuallaşdırdı. Eyni zamanda psixoloji cəhətdən zəif olan insanlara bu cür məlumatlar vermək, onların ani ürək tutmasından ölüm riskini virusdan ölmə riskindən daha çox artırır. Qəflətən panikaya düşən insanlar adi bir xəbərdən narahatlıq keçirib, daha kəskin və ya daha fərqli reaksiyalar verə bilərlər. Ona görə məlumat verərkən təkcə özümüzü yox, cəmiyyəti düşünərək ona uyğun informasiya verməliyik".

Fəridə Ağazadə

Oxşar xəbərlər